Milli Qurtuluş Günü münasibətilə Dövlət Simfonik Orkestri Sumqayıtda konsert verdi

 

Ötən əsrin ortalarında fəhlə şəhəri kimi salınan Sumqayıt ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində 70-ci illərdən başlayaraq sürətlə inkişaf etdi. Nəinki Azərbaycanda, hətta bütün ittifaqda müasir və beynəlmiləl şəhər statusunu qazandı. Yeni-yeni tikilən zavod və fabriklər, yaradılan sənaye müəssisələri müxtəlif millətləri təmsil edən on minlərlə insanın yerinə çevrildi. Həmin dövrdə ikinci bir şəhər tapılmaz ki, həm iqtisadiyyatın müxtəlif sahələrinə, həm də əhalinin milli tərkibinə görə Sumqayıt kimi inkişaf etsin, sovet tolerantlığının və sovet gəncliyinin bənzərsiz nümunəsinə çevrilsin.

Ümummilli lider Heydər Əliyev vaxtaşırı Sumqayıta gələr, burada aparılan quruculuq işləri ilə şəxsən maraqlanar, ictimaiyyət nümayəndələrini dinləyər, onlara öz dəyərli tövsiyələrini verərdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər həmin illərdə də sumqayıtlılardan öz qayğısını əsirgəmədi. Heydər Əliyevin Sumqayıta etdiyi 16 səfərin hər biri bu şəhərin sakinlərinin yaddaşına yüksək bayram əhval-ruhiyyəsi doğuran hadisə kimi zəngin təəssüratlarla əbədi həkk olunub.

Ulu öndərin 1993-cü ilin iyunun 15-də hakimiyyətə qayıdışı respublikanı vətəndaş müharibəsindən, cəbhə bölgəsindəki rayonları ermənilərin aramsız həmlələrindən xilas etdi, ölkədə hüquqi, demokratik dövlət quruculuğunun əsasını qoydu. Məhz həmin günün Qurtuluş kimi qeyd olunması təsadüf yox, zamanın tələbindən doğan zərurətidir.

Bu əziz günə sumqayıtlılar möhtəşəm bayram konserti ilə qoşuldular. Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin adını daşıyan mədəniyyət və istirahət parkında qurulmuş xüsusi səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etdi. Orkestrin bədii rəhbəri və drijoru, professor Rauf Abdullayev mərasimə toplaşanları Azərbaycanın mədəniyyət işçiləri adından salamladı. Ümummilli liderin incəsənətin bütün sahələrinə və o cümlədən klassik musiqiyə sonsuz qayğı və sevgisindən danışdı.

Daha sonra orkestrin ifasında Qara Qarayev, Fikrət Əmirov və Avropa ölkələrinin bəstəkarlarının əsərləri səsləndirildi. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Fərid Əliyev, Afaq Abbasova, Səbinə Əsədova, Zemfira İsmayılova və digərlərinin ifasında səslənən əsərlər meydana toplaşan minlərlə tamaşaçının alqışları ilə qarşılandı.

 

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.-2013.- 14 iyun.- S.9.